İŞÇİ BİR ŞİRKƏTDƏ İŞLƏDİKDƏ ƏLAVƏ MƏZUNİYYƏT SAYILIR?


Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyəti hansı qaydada hesablanıb verilməlidir?
İşçi əmək məzuniyyəti hüququndan istifadə etməyərək kompensasiya ödənilməsini tələb edə bilərmi?
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən əmək məzuniyyəti–işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1994-cü il tarixində 856 saylı qərarı ilə ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 nömrəli “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən bir il işləməyə görə işçiyə məzuniyyət heç bir halda üç iş həftəsindən az ola bilməz.
Bununla yanaşı adı çəkilən Konvensiyanın 12-ci maddəsində qeyd olunur ki, “Bu Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş minimum illik (əmək) ödənişli məzuniyyət hüququndan imtina edilməsi haqqında və ya bu cür məzuniyyətin pul ilə əvəz olunması və (və ya) milli şərtlərə uyğun gələn başqa şəkildə ondan istifadə edilməməsi haqqında müqavilələr etibarsız sayılır və ya qadağan edilir”.
Göründüyü kimi işçinin əmək məzuniyyəti hüququndan istifadə etməyərək əvəzində kompensasiya ödənilməsi barədə müraciəti əmək məzuniyyətinin prinsiplərinə ziddir və işçinin belə müraciəti işəgötürən tərəfindən təmin edilməməlidir. Belə bir zərurət yarandıqda isə yalnız əmək məzuniyyətinin 21günü natura formasında istifadə edilməklə yerdə qalan hissəsinə görə kompensasiya ödənilə bilər.
İşəgötürən işçinin məzuniyyət pulunu ən gec nə zaman ödənilməsini təmin etməlidir? Məzuniyyət pulunun ödənilməsi gecikdirilməsinə görə işəgötürən hansı məsuliyyəti daşıyır?
Əmək Məcəlləsinin 140-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.
Əmək Məcəlləsinin 131.6-cı maddəsinə əsasən əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
Normanın tələbinə əsasən məlum olur ki, əsas məzuniyyət müddəti işçinin iş yerində hansı müddətə işlədiyindən asılı olmayaraq vəzifəsinə uyğun olaraq nəzərə alındığı halda, əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq hesablanıb verilməlidir.
Belə ki, əgər işçi 10 ay işlədikdən sonra 1-ci iş ili üçün əmək məzuniyyətinə çıxmaq istəyirsə onda əsas məzuniyyət müddəti vəzifəsinə uyğun olaraq tam, əmək şəraitinə görə əlavə məzuniyyət isə 12 aya 6 gün düşürsə, 10 aya 5 gün verilməlidir.